BAKI, 22 iyun. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasi komandası səlahiyyətlərin mümkün təhvil verilməsi çərçivəsində leyborist deputat Endi Börnemin tərəfdarlarına işlərin ötürülməsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Lankaster hersoqluğunun kansleri və xüsusi tapşırıqlar üzrə nazir Darren Cons artıq Böyük Britaniyanın sabiq nəqliyyat naziri, Börnemin əsas komanda üzvlərindən biri olan Luiz Heyq ilə görüş keçirib.

Nəşrin iddiasına əsasən, iyunun 20-də Starmer və onun yaxın çevrəsi baş nazirin istefasını elan edəcəyi çıxışın ilkin layihəsi üzərində işləməyə başlayıb. Bildirilir ki, Starmer ictimaiyyət qarşısında Endi Börnemlə görüşmək istədiyini desə də, onun İcmalar Palatasına əlavə seçkilərdə qələbəsindən sonra hələ də bununla bağlı danışıq aparmayıb.

Məlumata görə, Starmerin istefası ilə bağlı müzakirələr Endi Börnemin iyunun 18-də keçirilən əlavə seçkilərdə parlamentə düşməsindən sonra daha da güclənib. Əvvəllər Böyük Mançester meri olan Börnemin qələbəsi ona hakim Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizə aparmaq imkanı verib.

"The Observer" qəzeti daha əvvəl yazıb ki, Kir Starmer iyunun 22-də istefasını elan edə bilər. Əks halda, iyunun 23-də keçiriləcək Nazirlər Kabinetinin iclasında ondan vəzifəsini tərk etməsi açıq şəkildə tələb oluna bilər.

Qeyd edək ki, Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli seçkilərdən sonra dərinləşib. Həmin seçkilərdə Leyboristlər Partiyası Uels parlamenti üzərində nəzarəti itirib, İngiltərədə isə əvvəlki dövrlə müqayisədə təxminən 1400 mandat itirib. Bundan sonra partiyanın 100-ə yaxın deputatı Kir Starmeri istefaya çağırıb.