BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri başlayıb. Yaponiyanın da iştirak etdiyi manevrlər iyunun 22-dən iyulun 1-dək Hind-Sakit okean regionunda davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Təlimlər Quam və Havay adaları da daxil olmaqla geniş ərazini əhatə edəcək. Yaponiya ərazisində Özünümüdafiə Qüvvələrinin bazaları, ABŞ hərbi obyektləri, həmçinin onlara bitişik hava və dəniz məkanından istifadə olunacaq. Bildirilir ki, ABŞ-dən başqa digər ölkələrin hərbi təyyarə və ya gəmilərinin Yaponiyada yerləşdirilməsi nəzərdə tutulmur.
Təlim proqramına birgə hava döyüşləri, gəmiəleyhinə əməliyyatlar, hava-desant tapşırıqları, uçuş-eniş zolaqlarının bərpası və hərbi tibb üzrə manevrlər daxildir.
Əsas hava döyüşləri Yaponiya dənizi, Okinavanın cənubu və Titose aviabazası ətrafında keçiriləcək. Yaponiya bu mərhələdə 30 qırıcı, iki yanacaqdaşıyan təyyarə, bir AWACS erkən xəbərdarlıq təyyarəsi, dörd nəqliyyat təyyarəsi və zenit bölməsi cəlb edəcək. ABŞ isə dörd qırıcı, üç yanacaqdaşıyan təyyarə və hava hücumundan müdafiə bölmələri ilə təmsil olunacaq. Okinavanın cənubunda isə Yaponiya səkkiz, ABŞ isə 30 qırıcı və üç yanacaqdaşıyan təyyarə ilə iştirak edəcək.
Hava-desant mərhələsinin iyunun 25-29-da əsasən Hokkaydo adasındakı Böyük Təlim Poliqonunda keçirilməsi planlaşdırılır. Yaponiya təlimlərə hava-desant briqadası və artilleriya bölmələri, ABŞ isə dəniz piyadaları və C-130 hərbi-nəqliyyat təyyarəsi ayıracaq.