BAKI, 22 iyun. TELEQRAF

Qətərin Ras Laffan sənaye zonasında yerləşən "Barzan" qaz emalı zavodunda baş verən partlayışa istismar zamanı yol verilən səhv səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Bundan əvvəl Qətərin Daxili İşlər Nazirliyi Dohanın şimal-şərqində yerləşən Ras Laffan sənaye zonasındakı zavodlardan birində partlayış baş verdiyini bildirmişdi. Daha sonra qurum hadisənin texniki insident nəticəsində baş vermiş lokal partlayış olduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, həmçinin təhlükəli maddələrin sızması qeydə alınmayıb.

Qeyd edək ki, partlayışdan əvvəl Dohanın bir neçə rayonunda sakinlər zəlzələni xatırladan təkanlar hiss etdiklərini bildiriblər. Bəzi binalarda pəncərə və qapılar titrəyib.

00:19

***

Qətərin Ras Laffan sənaye zonasında yerləşən zavodlardan birində partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ətraf mühitə hər hansı sızma faktı qeydə alınmayıb.

Nazirlik partlayışın səbəbləri barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Ras Laffan sənaye zonasında Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı üzrə əsas obyektləri yerləşir.