BAKI, 22 iyun. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların dəyəri təxminən 40 milyard dollar olub.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc olunmağa hazırlanan hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, bu məbləğə istifadə olunan döyüş sursatlarının dəyəri, məhv edilmiş hərbi texnika və ABŞ hərbi bazalarına dəyən ziyan daxildir. Bununla yanaşı, Pentaqonun 2026-cı maliyyə ili büdcəsində əvvəlcədən nəzərdə tutulmuş əməliyyat xərcləri bu hesablamaya daxil edilməyib.

CSIS-in baş müşaviri Mark Kansianın sözlərinə görə, ən böyük xərc maddəsini - 26 milyard dolları döyüş sursatları təşkil edib. O bildirib ki, ABŞ ordusu münaqişə zamanı uzaqmənzilli, yüksək texnologiyalı və bahalı silahlardan geniş istifadə edib.

Ekspert qeyd edib ki, ABŞ təxminən min ədəd "Tomahawk" qanadlı raketi sərf edib. Hər bir raketin dəyəri təxminən 2,5 milyon dollar təşkil edir.

Hesabatda vurğulanır ki, hərbi əməliyyatların ilk 100 saatı ABŞ-yə 3,7 milyard dollara başa gəlib. Münaqişənin sonrakı mərhələlərində isə zərbələrin intensivliyi azaldığı üçün gündəlik xərclər də aşağı düşüb.

Qeyd edək ki, iyunun 18-də "The Wall Street Journal" qəzeti mənbələrə istinadən Pentaqonun Konqresi İrana qarşı hərbi əməliyyatlar və digər xərclərlə əlaqədar əlavə 80 milyard dollarlıq maliyyələşdirməyə ehtiyac olduğu barədə məlumatlandırdığını yazmışdı.