SABİRABAD, 8 iyul. TELEQRAF

İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə doğuş zamanı ölməsinin təfərrüatları məlum olub.

Yalavac kənd sahə həkimi, akuşer-mama Xuraman Cəfərova Teleqraf-ın yerli bürosuna bildirib ki, qadını üç gün əvvəl müayinə edib və hər hansı problem aşkarlamayıb.

"Şəbnəm Kərimova hamiləliyi tam normal keçirib, sonuncu müayinə də bunu göstərdi. Yoldaşı ilə də danışmışam. Dedim, yenə də diqqətli olun", - həkim söyləyib.

X.Cəfərova qeyd edib ki, ultra səs müayinə də hamilə qadının vəziyyətinin normal olduğunu təsdiqləyib:

"Yoldaşı bildirdi ki, indicə Şəbnəmi UZİ müayinəsindən gətirirəm. Həkim deyib ki, hər şey normaldır. Onların iki böyük məktəbli qız övladları var. Bir dəfə də hamilə qalıb, qız olduğuna görə abort etdiriblər - oğlan istəyirmişilər. Bu, dördüncü hamiləliyi olub. Ananın ölümünü eşidib pis olmuşam. Çox bədbəxt hadisədir. Heç həkim deyiləm, bir vətəndaşam. Ortada ana ölümü var".

***

21.24

1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***

19:10

Sabirabadda doğuş zamanı 33 yaşlı ana ölüb, uşaq isə sağ qalıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, İmişli rayon sakini Kərimova Şəbnəm Vaqif qızı doğuş üçün Sabirabad Doğum Evinə gətirilib.

O, doğuş zamanı vəfat edib.

Yeni doğulan körpə isə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.