
BAKI, 20 may. TELEQRAF
Ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyada motosiklet sürücüsü tərəfindən vurulub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Digər bir anoloji yol-nəqliyyat hadisəsi Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən qəzanın təfərrüatları araşdırılır. İlkin təhlil göstərir ki, hadisənin səbəbləri analoji qəzalarda müşahidə olunan amillərlə eynidir. Lakin təəssüflə qeyd olunur ki, bu səbəblərdən nəticə çıxarılmadığı üçün piyadalar hələ də təhlükə ilə üz-üzə qalırlar.
Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Mərkəz sürücüləri piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa çağırır:
Piyada keçidlərini bildirən nişanlara diqqət yetirin;
Keçidlərə yaxınlaşarkən sürəti azaldın;
Xüsusilə axşam və gecə saatlarında keçidlərdə daha ehtiyatlı olun.
Qurum bir daha xatırladır ki, piyadalar keçidə daxil olduqları andan etibarən onlara yol vermək sürücülərin vəzifəsidir. Bu qaydaya əməl etməyənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.