DAŞKƏSƏN, 5 may. TELEQRAF

Daşkəsəndə meşədə itkin düşən şəhid atası tapılıb.

Bu barədə Teleqraf-ın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.

Onun həyatı üçün heç bir təhlükə yoxdur.

***

13:23

DAŞKƏSƏN, 5 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

10:00

Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.

Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:

"Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək".

***

09:24

Daşkəsən rayonunun Bayan kənd sakini meşədə itkin düşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, K.Abdullayev şəhid atasıdır.