
LƏNKƏRAN, 1 mart. TELEQRAF
Lənkəranda yük avtomobili sürüşərək 20 metr hündürlükdən çaya aşıb.
Teleqraf-ın cənub bürosunun xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni-Havzava kənd avtomobil yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi "Ford Transit" markalı yük avtomobili hərəkətdə olarkən sürüşərək təqribən 20 metr hündürlükdən Girdəniçaya aşıb.
Sürücü ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev Teleqraf-a bildirib ki, Lənkəran rayonu Girdəni kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü P.Abdullazadə kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndilir.
Kənd sakinləri deyir ki, sözügedən yolda torpaq qatı dağılıb və həmin yolun eni 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb də qarlı yolda nəqliyyat vasitəsinin sürüşməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.