BAKI, 2 mart. TELEQRAF

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Felmar Ələkbərlı 75 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bunu VHP sədi Sabir Rüstəmxanlı bildirib.

"Siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşdu. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm", S.Rüstəmxanlı qeyd edib.

Qeyd edək ki, Ələkbərov Felmar Əli oğlu 10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.

1967-ci ildə Ağdam rayonu, Mahrızlı kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin “kimyaçı mühəndis” ixtisasını bitirib.

1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib.
1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .

1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayəndə heyətinin üzvü olub.

1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib. 1994-cü ildə işdən azad edilib.

Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən və 2015-ci ildə isə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.

1997-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov rayon təşkilatının üzvü olub.

2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-2021-ci illərdə VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədr olub. 2021-ci il 14 fevral tarixində VHP Ali Məclisinin sədri və partiya Siyasi Şurasına üzv seçilib.

Ailəlidir, 2 oğlu, 1 qızı və 3 nəvəsi var.