Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı son günlər partiyadan kütləvi istefalar olduğu barədə yayılan xəbərləri şərh edib.

Teleqraf.com-un xəbərinə görə, o, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin Müsavat Beyləqan rayon təşkilatından 70 nəfərin öz partiyasına keçmək üçün müraciət etdiyi barədə məlumatını təkzib edib.

“70 nəfərlik siyahının Müsavat Partiyasına dəxli yoxdur”

R.Əmiraslanlı qeyd edib ki, bu məlumatlar qeyri-dəqiqdir və təxribat xarakteri daşıyır: “Sadəcə olaraq qohumlarının, dostlarının siyahısını yazıblar. O siyahının Müsavat Partiyasına dəxli yoxdur. Beyləqan rayon təşkilatından Müsavatın rəsmi üzvü olan 2 nəfər partiyadan istefa verib Azad Demokratlar Partiyasına keçib. Ümumiyyətlə, heç bir rayon təşkilatında o cür kütləvi istefa ola bilməz”.

“Tovuz təşkilatı Cəmil Həsənli üçün heç 40 imza da toplaya bilmədi”

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Tovuz rayon təşkilatının özünü buraxdığı barədə xəbərlərə də aydınlıq gətirib. O, 200 müsavatçının AXCP-yə keçdiyi barədə informasiyaları rəsmi şəkildə təkzib etdiyini söyləyib: “Tovuz rayon təşkilatından 200 nəfərin AXCP-yə keçməsi tamamilə yanlışdır. Birincisi ona görə ki, o rayonda 200 müsavatçı, ümumiyyətlə, olmayıb. Rəsmi olaraq 3 nəfər – Tofiq Hüseynli, Əsəd Məmmədli və Miryaqub bəy istefa verib. Onlardan ikisi AXCP-yə keçib. Tovuz rayon təşkilatı qurultaydan əvvəl yalnız 17 nəfərin iştirakı ilə güclə toplaşıb qurultaya nümayəndəyə seçiblər. Bu, həm də ona görə əsassız məlumatdır ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin xeyrinə heç 40 imza da toplaya bilmədilər. O təşkilatdan 1 nəfər də məntəqədə olmayıb. Yəni üzvləri olmayıb. Deyilənlər saxta rəqəmdir, özlərindən uydurublar”.

“Qurultaydan sonra Müsavatdan sanki qisas alırlar”

R.Əmiraslanlı Müsavatdan kütləvi istefa olduğu barədə yayılan informasiyaları partiyaya qarşı təxribat sayır: “Görünür, müəyyən qüvvələr qurultaydan sonra Müsavatdan sanki qisas alırlar. Onlar belə dezinformasiyalarla Müsavata qarşı mübarizə aparırlar. Bizim açıqladığımız faktlar və rəqəmlər rəsmidir”.

Nərgiz