
Erkin Qədirli: "Qurultayımızı Olimpiya oyunlarından sonra keçirəcəyik"
"Biz qurultayımızı mayın sonlarına planlaşdırırdıq. Ancaq görünən odur ki, mümkün olmayacaq. Çünki Avropa Yay Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərinə giriş-çıxış, paytaxtda böyük toplantı üçün yerin ayrılması problem olacaq. Həm də medianın gündəmi də Avropa Yay Olimpiya Oyunları olacaq. Ona görə də, çox güman ki, qurultayımızı Olimpiya oyunlarından sonra keçirəcəyik. Bu da bizə əlavə vaxt verəcək ki, qurultaya daha yaxşı hazırlaşaq".
Bunu Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyib.
Bununla belə, Qədirli bildirib ki, onlar qurultayı parlament seçkilərinə qədər keçirmək niyyətindədir: "Seçkilərə qədər qurultayı keçirəcək, təsis sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim edəcəyik.
Qeydiyyata alınıb-alınmayacağımız ayrı məsələdir. Amma biz seçkilərə alt strukturu olan partiya kimi gedəcəyik".
REAL nümayəndəsi deyib ki, onlar seçki bloku yaratmaq, bununla bağlı kiməsə təklif vermək haqqında düşünmürlər: "Bloklar haqqında düşünmürük və bu məsələdə təşəbbüs göstərmirik. Biz seçkilərə təkbaşına getməyə hazırlaşırıq. Bütün hazırlığımızı da bu prinsiplə qururuq. Hələlik heç kimdən seçki bloku haqqında ciddi təklif də almamışıq. Odur ki, bu barədə danışmağımız tez olardı. Seçkilərdə öz namizədlərimiz olacaq. Seçki bloklarına maraq olmamasına bir səbəb də ənənəvi müxalifətdən kənarda durmaqdır. Əvvəllər seçki blokları çox olub. Əksəriyyəti də müsbət örnək yarada bilməyib. Eyni adamlar, eyni söhbətlər olub, seçki bitəndən də sonra qarşılıqlı ittihamlar yaşanıb. Bu proses hər 5 ildən bir təkrarlanıb. Biz özümüzə deyil, seçiciyə görə buna getmirik. Çünki seçici uğursuzluqları görməkdən yorulub. Biz də yeni partiya olduğumuz və gələcəyə getdiyimiz üçün bu yükün altına girmək istəmirik. Yəni yenidən ümumi uğursuzluğun bir parçası olmaq istəmirik. Yanlışlığımız olacaqsa, qoy öz səhvimiz olsun. Biz bunda rahat olarıq, nəinki kiminsə hərəkətlərinə görə məsuliyyət daşıyaq".
Erkin Qədirli deyib ki, hələlik seçkilərdə nə qədər namizəd irəli sürəcəklərini demək çətindir. Onun sözlərinə görə, hazırda üzvləri ilə söhbət edərək seçkilərə kimin nə qədər hazırlıqlı olduğunu müəyyən etməyə çalışırlar: "Kimin namizəd olmaq istədiyini də öyrənirik. Biz həm də yaxşı namizədlərlə çıxış etmək niyyətindəyik. Sayı az olsun, amma yaxşı olsun. Ancaq konkret say deyə bilmərəm, zamanında biz bunu açıqlayacağıq. Əlbəttə, bizim ümumi fikrimiz var, amma bunu vaxtından əvvəl açıqlamaq istəmirik".
Sonda Erkin Qədirli deyib ki, artıq özü namizədliyini irəli sürəcəyi seçki dairəsini müəyyən edib: "Mən 2010-cu ildə Yasamal 16 saylı Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdüm. İndi də bu dairəni düşünürəm. Mənim uşaqlığım, gəncliyim bu dairədə keçib. Üstəlik, burada orta məktəbi və universiteti bitirmişəm, daha sonra çalışmışam. Qeydiyyatım da buradır. 16 saylı dairə mənim üçün doğmadır".
NEMƏT