
Düşüncə Mərkəzi iflasa uğrayıb
Milli Strateji Düşüncə Mərkəzinin toplantısı keçirilib. Toplantıda iqtisadi böhran və ondan çıxış yolları müzakirə edilib. Ancaq diqqət çəkən başqa bir məqam olub.
Xatırladaq ki, Müsavat Partiyası və "El" Hərəkatı Milli Şuradan çıxdıqdan sonra siyasi gündəmdə qalmaq üçün Milli Strateji Düşüncə Mərkəzi adlı qurum yaratdıqlarını elan etdilər. Hətta bildirildi ki, mərkəz ayda bir dəfə aktual məsələlərlə bağlı dinləmələr təşkil edəcək.
"El" Hərəkatı mərkəzi boykot edir
Sonradan isə bəlli oldu ki, "El" Hərəkatı bu prosesdə iştirak etmək istəmir. Elə bu səbəbdən Eldar Namazov qısa zamanda bu qurumun tədbirlərində görünmədi. Dolayısı ilə mərkəzdə olmadığını nümayiş etdirdi. Onun arxasınca isə hərəkatın əsas simalarından olan Köçəri Nağıbəyli toplantılarda gözə dəymədi. "El" Hərəkatından yalnız mərhum Zəfər Quliyev bu proseslərdə iştirak edirdi.
Qubad İbadoğlu iclaslara qatılmır
Sabiq başqanın iqtisadi məsələlər üzrə köməkçisi Qubad İbadoğlu da bu mərkəzdə təmsil olunurdu. Lakin Müsavat Partiyası daxilində baş verən məlum olaylardan sonra İbadoğlu da mərkəzin toplantılarına qatılmır və İsa Qəmbərə etirazını həm də bu şəkildə ifadə edir. İş ondadır ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. İsa Qəmbər bu yolla siyasətdə qalmaq və qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Ancaq müşahidələr göstərir ki, İsa Qəmbər bir il əvvəl yaradılan Milli Strateji Düşüncə Mərkəzinin üzvlərinin çoxunu artıq itirib.
İsa Qəmbər küskün saldığı insanlarla barışır
Dünən keçirilən tədbirdə çox az sayda kənar insan gözə dəyib. Kənar insanlar silsiləsindən yalnız Mehman Əliyev, Ərəstun Oruclu və Rəhman Bədəlov gözə dəyib. Bu arada, qeyd edək ki, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun Müsavat Partiyası və şəxsən İsa Qəmbərlə münasibətləri kəskin olub. Buna səbəb Oruclunun son prezident seçkilərində namizədliyinin irəli sürülməsi haqda bəyanatı, eləcə də, BAXCP sədri Qüdrət Həsənquliyevin Müsavat Partiyasının qurultayı haqqındakı fikirləri olmuşdu. Həmin vaxt BAXCP sədri təklif etmişdi ki, Ərəstun Oruclunu Müsavat başqanlığına gətirsinlər. Ancaq bundan dərhal sonra İsa Qəmbərin xeyir-duası ilə Orucluya qarşı mətbuatda hücumlar baş vermişdi. Hazırda Oruclu mərkəzin üzvü deyil, sadəcə, tədbirdə qonaq qismində iştirak edir. İclasda iştirak edənlərin əksəriyyəti Müsavat Partiyasının üzvləri olub.
Mərkəz müsavatçılardan ibarətdir
Müşahidələrimiz göstərir ki, Milli Strateji Düşüncə Mərkəzinin adından keçirilən tədbirdə Müsavat başqanı Arif Hacılı, onun müavinlərindən Elman Fəttah və Gülağa Aslanlı iştirak edib. Eləcə də, son 20 ildə İsa Qəmbərin yanında olan Əhrar sədri Vaqif Hacıbəyli, sabiq nazir İsgəndər Həmidov, sabiq baş nazir Pənah Hüseyn, Müsavat Məclisinin sabiq sədri Arzu Səmədbəyli, Almaz Əliqızı və digərləri iştirak edib. Yeri gəlmişkən, mərkəzin digər üzvləri, ümumiyyətlə, onun toplantılarına qatılmırlar. Dünən keçirilən iclas göstərib ki, əslində, Milli Strateji Düşüncə Mərkəzi adlandırılan qurum realda mövcud deyil və daha çox Müsavat Partiyasının əlavəsidir. Məqsəd isə İsa Qəmbər üçün formal sədr postunu yaşatmaqdır.
CAVİDAN