BAKI, 12 fevral. TELEQRAF.

Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxsin narkotik aludəçisi olduğu müəyyənləşib.

Teleqraf xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi “VAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.