![](https://teleqraf.az/storage/2025/02/12/715x378/emin_1738750310_660x441.png)
BAKI, 12 fevral. TELEQRAF
Bakının Nizami rayonunda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin Şaiq oğlu İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri müvəkkilin onlarla yanaşı əyləşməsi barədə vəsatət veriblər. Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin yanında oturub konfedensial müzakirə apara bilməsi ilə bağlı ötən iclasda verilən vəsatət təmin edib.
Daha sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonu, Məmmədov küçəsində baş verib. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn 38 yaşlı Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında dartışma zamanı Emin özündə olan bıçaqla Kamalın qarın nahiyəsindən bir dəfə vurub.
Dövlət ittihamçısı qeyd edib ki, istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Emin İbrahimov ona qarşı irəli sürülən ittihamın uydurma olduğunu deyib: "Mən ötən prosesdə də dedim, indi də deyirəm ki, müdafiə olunmayacam. Mən yalnız məsələlərə münasibət bildirəcəm. Çünki hamı bilir ki, mənim bu işdə günahım yoxdur. Burada tamaşa qurulub, mən bu tamaşada rol oynamayacam. Özümü bu işdə təqsirli bilmirəm. Bu cinayəti törətmədiyim hamıya məlumdur".
Daha sonra hakimlər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Hakim qeyd edib ki, E. İbrahimovun ifadəsi alınan zaman danışmaqdan imtina edib.
Daha sonra zərərçəkmiş qismində Kamal Şükürov ifadə verib. O bildirib ki, hadisədən əvvəl Emin İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb: "Mən "Xalqlar dostluğu" metrosunun yanında yaşayıram. Orada yolda həmişə tıxac olur.
"Laçın" ticarət mərkəzinə "Sədərək"dən aldığım malları verib siyahı alırdım. Maşın bazarı istiqamətində yolda tixac yarandığı üçün maşını aşağıda saxladım və "Laçın" ticarət mərkəzi istiqamətində səki ilə hərəkət etdim. Bu zaman adını sonradan bildiyim Eminlə rastlaşdım. Biz çiyin-çiyinə toxunduq. Mən ondan üzr istəmək istəyən zaman söyüşlə cavab verdi. Biri-birimizin yaxasından yapışan zaman mənə yumruq atdı. Mən də ona yumruq atdım. Qarın nahiyəmdın istilik hiss etdim, yerə çökdüm. Baxdım ki, qarnımdan qan axır. Təcili yardıma və polisə zəng etdim. Məni xəstəxanaya apardılar. Əməliyyat olundum ".
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, Emin İbrahimovu tanımayıb, hadisə zamanı təsadüfən rastlaşıblar: "Hadisə yerinin yaxınlığında "Moyka"da işləyənlər də mənə kömək etdilər".
Daha sonra hakim zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib. Həmin ifadələrdən məlum olur ki, Emin İbrahimov və Kamal Şükürovun arasında olan mübahisə 7-8 dəqiqə davam edib, Emin onu uca səslə nalayiq ifadələrlə təhqir edib.
Prosesdə hakim Emin İbrahimov və zərərçəkmiş Kamal Şükürovun ibtidai istintaq zamanı üzləşmələri ilə bağlı protokolunu elan edib. Sənəddən məlum olur ki, Emin İbrahimov Kamal Şükürovu bıçaqlamadığını, onun yalan danışdığını deyib.
Kamal Şükürov isə əksinə, hadisənin baş verdiyini söyləyib.
Zərərçəkmiş daha sonra məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslə barışıq olmayıb. O, Emin İbrahimovun qanunun müvafiq maddələriylə cəzalandırılmasını istəyib.
Növbəti proses martın 12-də davam edəcək.
Qeyd edək ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.