![](https://teleqraf.az/storage/2025/02/11/715x378/111aa.png)
BAKI, 11 fevral. TELEQRAF
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb.
Teleqraf xəbər verir ki, fevralın 8-i səhər saat 07 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub.
Zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər.
Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.