![](https://teleqraf.az/storage/2020/06/07/715x378/dilqem_ehmed_kose.jpg)
İzmirli bir qız
4 yanvar 1923-cü il.
Ankaradakı Azərbaycan səfirliyində yeni il şənliyi keçirilirdi. Qonaqlar yeni hökumətin elitləri və ziyalı şəxsləri idilər. 20-25 millət vəkili təşrif etmişdi. Amma məclisin çox mühüm bir qonağı da vardı: Mustafa Kamal paşa.
Azərbaycan səfirliyi Ankaranın Cebeci bölgəsində bir köşkdə yerləşirdi. Səfir İbrahim Əbilov rusların yıxdığı cümhuriyyətin deputatı idi, bolşevik rejimində Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin səfiri təyin edilmişdi.
Qonaqları o qarşılayırdı. Ziyafətin iştirakçılarından gənc jurnalist İsmayıl Həbib yazırdı ki, milli mücadilə Ankarasının unudulmaz simalarından olan Əbilov müsafirləri şirin Azərbaycan şivəsi ilə salamlayırdı.
Əbilov ziyafətə yaxşı hazırlaşmışdı. Azərbaycan xalq musiqiləri çalınırdı.
İlk çıxışı “Cümhuriyyət” qəzetinin sahibi Yunus Nadi edir, Türkiyə-Sovet dostluğundan danışır.
Masada içkilər və zəngin yeməklər vardı. Ona görə də məclisin idarə edilməsi lazım idi. Qərar verilir: Tamada seçilsin.
Məclisin tamadası da bir azərbaycanlı seçilir: Əhməd Ağaoğlu. Tamadanın xeyli səlahiyyətləri vardı. İstədiyini cəzalandıra bilirdi.
Nəhayət, Mustafa Kamal paşa məclisə gəlir. Məşhur kürklü paltosunu çıxarır, hamı ilə tək-tək görüşür və soruşur: “Tamadanız kimdir?”
Əhməd Ağaoğlu cavab verir: “Guya mənəm, amma siz gəldikdən sonra tamadamı qalar?”
Atatürk: “Niyə ki, mən tamadanı dinləyərəm. Siz vəzifənizə davam edin?”
Ağaoğlu: “Amma cəza verə bilərəm, paşam”
Atatürk: “Yooox, verə bilməzsən!”
Ağaoğlu: “Gördünüzmü, mən siz gəldikdən sonra tamadalıq qalmaz demişdim”.
Atatürk: “Yox, ona görə deyil, tamada günah işlədənə cəza verər, mən günah etmərəm ki”.
Hər kəs fərəhlə, sevinclə masaya əyləşir. Amma bir anda Atatürkün verdiyi müjdə salonun bütün ab-havasını dəyişir: “Evlənirəm!”
Hər kəs təəccüb içində. Nitqlər qurumuş. Sabiq tamada Əhməd Ağaoğlu sükutu pozur:
“İzmir fatehinin qəlbini fəth edən bu bəxtiyar kimdir?”
Mustafa Kamal paşa sualdan böyük keyif almışcasına cavab verir: “İzmirli bir qız”.
Həmin gecə Mustafa Kamal paşa həyat yoldaşı olacaq Lətifə xanımın məziyyətlərindən danışır, onun zəkalı, ürəyi oxuyan bir xarakteri olduğunu söyləyir.
O gün məclis sabaha qədər davam edir. 25 gün sonra Atatürk Lətifə xanımla evlənir. Təəssüf ki, bu evlilik cəmi iki il davam edir.
Atatürkün Azərbaycan süfrəsində əyləşməsi, yaxın çevrəsinə həyat yoldaşı haqqında ilk məlumatı orada verməsi tariximizin maraqlı anlarındandır…