
BAKI, 9 fevral. TELEQRAF.
Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
***
13:45
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Teleqraf-ın xəbərinə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri binanın 10-cu mərtəbəsində başlayan yanğının yayılmasının qarşısını alıblar.
***
13:14
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:04
Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binası yanır.
Teleqraf xəbər verir ki, yanğın "Kristal Abşeron" MTK-nın inşa etdiyi 19 saylı binanın 10-cu mərtəbəsində başlayıb.
Bina sakinləri təxliyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının söndürülməsi işləri davam etdirilir.