BAKI, 23 dekabr. TELEQRAF
"Prezidentin İlham Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın tarixi torpaqlarında böyük quruculuq-abadlıq işləri uğurla icra edilir: “Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin liderliyi ilə öz hədəflərinə çatacaq.
Bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır".
Sahibə Qafarova bildirib ki, məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilmiş, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir: "Son 22 ildə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan vermişdir. Möhtərəm İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevrilib.
Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açmışdır”.
Spiker bildirib ki, möhtərəm Prezidentin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olmuşdur: “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır. Ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Prezidentin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər”.
Sahibə Qafarova vurğulayıb ki, ölkəmizin xoşbəxt gələcəyi İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır: “Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.