
Siyavuş Novruzov: “AXCP-nin dialoqa qatılmaması onların iradəsinin məhsulu deyil”
“İqtidar-müxalifət dialoqunun tarixi qədimdir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışdan sonra mütəmadi çalışıb ki, Azərbaycan cəmiyyətinin bütün qüvvələri Azərbaycan dövlətinin, dövlətçiliyinin, xalqın marağı çərçivəsində çıxış etsin.
Bu baxımdan da, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, mətbuat orqanlarına mütəmadi müraciət edib, dəfələrlə görüşlər keçirib, onlarla ünsiyyət yaratmağa çalışıb. Amma təəssüflər olsun ki, bir qrup partiya və onların liderləri özlərini həmişə cəmiyyətdən kənarda saxlamağa çalışıb. Çünki o partiyaların fəaliyyətində Azərbaycan xalqının maraqları durmur, yəni, öz partiya üzvlərinin maraqlarını əks etdirir. Onlar sadəcə, ayrı-ayrı qrupların, qüvvələrin təsir dairəsində olan təşkilatlardır və həmin qrupların maraqlarını ifadə edirlər. 1998-ci ilin prezident seçkilərində Ümummilli Liderimiz dörd partiya sədrinə rəsmən müraciət etdi ki, seçkilərə qoşulun. O zaman seçki müddəti qurtarmışdı, ancaq o, qanunvericilik təşəbbüsü ilə seçki müddətini uzatdı. Yəni, hər cür şərait yaradırdı ki, əgər demokratik, azad seçkilər istəyirsinizsə, gəlin iştirak edin, sizin üçün hər bir şərait yaradılıb”.
Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, sonrakı dövrlərdə də - parlament seçkilərində və başqa-başqa müddətlərdə də, bu proses gedib: “Ancaq bir neçə dəfə həmin təşkilatlar canfəşanlıq göstəriblər ki, başqa bir tərcüməçinin vasitəsilə o toplantı keçirilsin. Tutalım ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun vasitəsilə iqtidar-müxalifət görüşü keçirilsin. Gah da deyiblər ki, Avropa Şurasının təşəbbüsü ilə bu dialoq keçirilsin. Hətta, bir ara bir məsələ qaldırdılar ki, BMT gəlsin burada həm seçki keçirsin, həm iqtidar-müxalifət dialoqu yaratsın və sair”.
S.Novruzov deyib ki, problem varsa, onu müzakirə edib, vahid nəticəyə gəlmək mümkündür: “Dövlətə, millətə, xalqa müxalifətçilik olmaz. Hökumətə müxalifətçilik olar. Hökumətə müxalifətçilik də odur ki, alternativ təkliflər irəli sür, nöqsanları göstər, onlardan çıxış yollarını təqdim et. Yoxsa, kim möhkəm söyürsə, kim möhkəm təhqir edirsə, kim möhkəm böhtan atırsa, o daha böyük müxalifətçidir anlayışı hələ bəzi adamların beynində qalmaqdadır. Ona görə də parlamentdə təmsil olunan partiyalar ilə belə dialoqlar mütəmadi olub. Bundan başqa bir neçə dəfə YAP-ın partiyalararası dialoq və əlaqələr komissiyasının sədri Əli Həsənovun iştirakı ilə partiyalar bir yerə yığışıb, müzakirələr aparılıb. Bir dəfə parlamentdə təmsil olunanlar, bir dəfə parlamentdə təmsil olunmayanlarla görüş keçirilib. Sonuncu dəfə isə ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş, partiyalarla bir araya gəlinib. İqtidaryönlü partiyalar var və bunların mövqeyi bəllidir. Burada onları iqtidarda olan partiya - Yeni Azərbaycan Partiyası təmsil edir. Müxalifətdə olan partiyalar isə müxtəlif cürdür, heç onların özlərinin də bir-biri ilə dialoqu yoxdur. Yəni, bu dialoq tək iqtidar-müxalifət arasında deyil, həmçinin elə partiyalar arasında da bir dialoq yaradır. Onlardan da iki partiyanı çıxmaq şərti ilə hamısı bu dialoqa qatılıb. Onlardan biri - Müsavat indi bəyan edir ki, növbəti görüşdə iştirak edəcək. Orada da bilirsiniz ki, problem var. Müsavatda legitimlik problemi var. Çünki Müsavat iki hissəyə bölünüb. Həmin partiyanın daxilində özləri-özləri ilə dialoq yarada bilmirlər. O baxımdan oradan gəlib kim təmsil edəcək, təmsil edən tərəfin verdiyi təkliflər digər tərəfdən düzgün qarşılanacaq-qarşılanmayacaq, razılıq olacaq-olmayacaq? Bu problem var. Azərbaycan Xalq Cəbhəsi Partiyası da aydın məsələdir ki, dialoqa qatılmamaq onların iradəsinin məhsulu deyil. Əgər onlara xaricdən tapşırsalar ki, get orda iştirak et, heç onları dəvət etməsən də, özləri gəlib oturacaqlar orada. Əgər onlara hələlik tapşırıq yoxdursa, orada hansı mövzudan söhbət getməyindən asılı olmayaraq iştirak etməyəcəklər”.
CAVİDAN