Aydın Mirzəzadə: “Qarabağda faktiki rəhbərlik yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndəsi var”

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona etdikləri səfərin yekunu ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda qeyd edilir ki, onların regiona səfərinin məqsədi yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağırmaq olub.

Sənəddə vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) fevralın 16-19-da regiona səfər ediblər. Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”.

Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini söyləyiblər: “Regiona səfər çərçivəsində həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşüblər. Onlar prezidentlərin ötən ilin oktyabrında Paris sammitində itkin düşmüş şəxslərlə bağlı BQXC-nin himayəsi ilə informasiya mübadiləsi aparılması barədə əldə etdikləri razılaşmanın vacibliyini qeyd ediblər”.

Həmsədrlərin bu bəyanatında diqqətçəkən məqamlardan biri “Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər” fikirlərinin bu sənəddə yer almasıdır.

Minsk qrupu həmsədrlərinin bu fikri səsləndirməklə nə demək istədikləri qaranlıq qalır.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrləri növbəti dəfə kobud səhvə yol veriblər. Onun sözlərinə görə, ötən il noyabrın 12-də Ermənistan hava qüvvələrinin helikopteri cəbhə xəttində vurulduqdan sonra qalıqların “neytral zona”ya düşdüyü barəsində də bir məlumat vermişdilər: “Azərbaycan tərəfinin etirazından sonra onlar həmin ifadəni dəyişdilər. Hazırda isə Dağlıq Qarabağın faktiki rəhbərliyi anlamını qeyd ediblər. Hər 3 həmsədr Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan silahlı qüvvələrinin həmin ərazidən çıxarılması üçün səy göstərirlər. Orada faktiki rəhbərlik yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndəsi var. Yəni, bu baxımdan belə bir ifadə səsləndirmələri danışıqların mahiyyətini dəyişmək cəhdidir. Bunun haradan qaynaqlandığını deyə bilmərəm. Amma ümumən götürəndə danışıqlar Ermənistan-Azərbaycan arasında işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün gedir. Hər hansı bir Dağlıq Qarabağ anlayışı istər siyasi, istərsə də hərbi anlamda yoxdur. Həmsədrlərin yenidən belə bir səhv buraxması bağışlanmazdır. Yəqin ki, Azərbaycan tərəfi məsələyə münasibət bildirəcək”.

İlkin məlumata daha çox müraciət olunması və bu informasiya yanlışlığının gələcəkdə araşdırmalar zamanı hər hansı problem yaradıb-yaratmayacağına dair suala millət vəkili cavabında qeyd edib ki, ilkin məlumatı araşdıranlar kimi, ikinci informasiyanı da araşdıranlar olacaq: “Digər tərəfdən Azərbaycanın gücü ondadır ki, ona qarşı edilən haqsızlıqlara vaxtında cavab verir. Əgər bizim tarixən müstəqil dövlətçiliyimiz olsaydı, tarixən güclü siyasi elitamız, dünyanın müxtəlif bölgələrində sözümüzü deyə bilən nümayəndələrimiz və dairələrimiz olsaydı, əlbəttə ki, başımıza nə müstəqilliyimizin itirilməsi, nə də digər imperiyalar arasında parçalanması və sonda Dağlıq Qarabağ məsələsi gəlməzdi. Bugünkü müstəqilliyimiz Azərbaycana yönələ bilən istənilən təhlükənin qarşısını operativ almağa, cavab verməyə, öz hüququmuzu qorumağa imkan verir”.

BƏXTİYAR