Fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib.

Beləliklə, layihənin həyata keçirilməsi istiqamətində artıq əsas işlərin görülməsinə başlanılıb.

"Bu gün Avropaya Azərbaycan qazı lazımdır"

"Cənub Qaz Dəhlizi" layihəsinə və fevralın 12-də Bakıda keçirilən iclasa münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bu layihə Azərbaycan qazının Avropaya çıxmasını təmin edəcək və bu gün Avropaya da Azərbaycan qazı lazımdır. R.Əliyev qeyd edib ki, bu layihənin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin düzgün enerji siyasəti yürütməsinin nəticəsidir.

Millət vəkili əlavə edib ki, Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən enerji nazirlərinin və vəzifəli şəxslərin iştirak etməsi bu layihəyə olan böyük marağın göstəricisidir: "Dünyada müxtəlif proseslər gedir, neftin qiyməti düşür. Belə bir məqamda bu yeni qaz layihəsi bir daha göstərəcək ki, doğrudan da, Azərbaycan qüdrətli bir ölkədir. Biz inana bilərdikmi ki, nə vaxtsa Avropa üçün enerji layihələri həyata keçirəcək və burada dominant bir ölkə olacağıq? Ancaq qısa zaman kəsiyi ərzində Azərbaycan böyük bir yol qət etdi və bu səviyyəyə gəlib çıxdı".

R.Əliyevin sözlərinə görə, bu layihəyə bir qədər mane olmaq istəyənlər də var: "Lakin bu layihəyə heç nə mane ola bilməz. Bu layihənin reallaşmasını Avropa özü də istəyir, çünki bu gün Ukraynada baş verən münaqişə Avropaya qazın çatdırılmasında problemlər yaradıb".

"Əsas problem Avropa ilə ABŞ arasındadır"

Politoloq Rasim Ağayev isə bildirib ki, yeni neft və qaz dəhlizlərinin yaradılması əslində iqtisadi tələbat nəticəsində meydana çıxmalıdır. Çünki, bu, sırf iqtisadi məsələdir: "Yəni, Avropanın nefti-qazı yoxdur, yaxud azdır, Rusiyada isə çoxdur. Eyni zamanda, Qazaxıstanda, Azərbaycanda, İranda da neft-qaz ehtiyatları mövcuddur. Əgər yeni dəhlizlər işə salınsa, problem aradan götürülər. Ancaq neft-qaz alqı-satqısı beynəlxalq iqtisadi əməkdaşlığın növüdür ki, bu əməkdaşlığın iqtisadi mənası qəsdən geri çəkilir və məsələ siyasi maraqlar üzərindən idarə olunur. Əsas ziddiyyət isə ondan ibarətdir ki, bütün ölkələr, ölkə qrupları boru kəmərlərinin şaxələndirilməsindən, yəni neft və qazın müxtəlif yollarla daşınmasından danışır, digər tərəfdən hansı layihə gündəmə gətirilsə, onu aradan qaldırmaq üçün min dənə tələlər qurulur, min dənə problemlər yaradılır. Əlbəttə, rəqabət olmalıdır. Amma bu rəqabət Rusiya ilə Avropa, Azərbaycanla Rusiya, yaxud Azərbaycanla İran və ya ərəb ölkələri arasında deyil. Əsas problem, əsas ziddiyyət Avropa ilə ABŞ arasında yaranıb. ABŞ strateqləri çoxdan bu qənaətə gəliblər ki, əgər onlar ümumiyyətlə Avropanın ətrafında, Rusiya və Qazaxıstanda, həmçinin Yaxın Şərqdə olan neft-qaz yataqlarını öz nəzarətləri altına keçirsələr, Avropa daha da yumşalacaq, "köhnə qitə"nin Amerikadan asılılığı daha da artacaq, bununla da Amerikanın hegemonluğu reallaşacaq. Bunu da hamı başa düşür. Avropalılar başa düşürlər ki, bu məsələdə gərək heç kimdən asılı olmasınlar. Onlar öz işlərini yaxşı qurmuşdular. Ukrayna ərazisindən keçməklə Rusiya nefti və qazı Avropaya çatdırılırdı. İndi isə Ukrayna ərazisindən keçən xətlər ortadan qalxıb, vəziyyət gərginləşib. Buna görə də yeni xətlərin əhəmiyyəti daha da artıb. Yeni xətlər də əsasən "Cənub Qaz Dəhlizi", həmçinin "Türk axını"dır".

"Cənub Qaz Dəhlizi ilə "Türk axını" bir-birini istisna etmir"

R.Ağayevin sözlərinə görə, təbii ki, bu layihələr arasında rəqabət mövcuddur: "Ancaq bu layihələrdən biri digərini istisna etmir və hər iki layihənin baş tutacağı gözləniləndir. Gərək hər iki maraqlı tərəf arasında müzakirələr keçirilsin və bu barədə yeni bir model yaransın. Rusiyanın "Türk axını" ilə "Cənub Qaz Dəhlizi"nə ciddi rəqabət yaradacağı böyük olsa da, Məşvərət Şurasının ilk toplantısı "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işin sürətləndirildiyini göstərib. Görünür, Avropa da Rusiya qazından xilas yolu kimi "Cənub Qaz Dəhlizi" layihəsini görür. Lakin dövlət başçısı bu mesajı hər iki tərəfə verir. Yəni, gələcəkdə mümkün geri çəkilmələr olmamalıdır. Azərbaycan güclü qonşusunu qarşısına alaraq bu addımı atırsa, Avropa da bunu unutmamalıdır. Çünki hazırda yeganə yeni qaz mənbəyi Azərbaycandır".

"Layihədə Azərbaycanın özünün də maraqları var"

Politoloq qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycanın özünün maraqları baxımından da önəmi xüsusi qeyd olunmalıdır: "Belə ki, bu, ölkənin gələcəyinə yatırılmış ən yaxşı kapital hesab oluna bilər. Birincisi, Azərbaycana əlavə iqtisadi divident gətirəcək. Ölkəyə gələn kapital həm sosial yaşayış səviyyəsini yüksəldəcək, həm də ümumi iqtisadi mənzərəyə müsbət təsir edəcək. İkincisi, Azərbaycanın dünyada önəmini artıracaq. Xüsusilə, Rusiya və Qərbin Ukraynada qarşı-qarşıya gəlməsi fonunda Azərbaycanın unikal çıxış yolu olması artıq faktdır. Avropa üçün yeni alternativ qaz mənbəyi rolunu oynayan Azərbaycanın əsas istəyi isə ilk növbədə ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan çox güman ki, uzaq perspektivli gedişlərlə bu siyasi addımları planlaşdırıb".

Səxavət HƏMİD