
Politoloq Fikrət Sadıqov "Normand dördlüyü"nün Minskdə keçirilən görüşündən sonra Ukraynadakı durumu dəyərləndirib. Fikrət Sadıqov Teleqraf.com-a bildirib ki, həmin görüşdə əldə olunan razılaşmaları "kövrək sülh anlaşması" kimi qiymətləndirmək lazımdır.
- Tərəflər müəyyən qədər kompromisə getsə də, onların qarşısına qoyulan tələblər, şərtlər aydın deyil. Qaranlıq qalan məqamlar var. Separatçılar tərəfindən zəbt olunan yeni ərazilərlə bağlı aydınlıq yoxdur. Yəni onlar hansı ərazi ilə kifayətlənməlidilər? Referendumun keçirilməsi nəzərdə tutulub, amma bunun mexanizmi yoxdur. Donetsk və Luqanskda xüsusi zonanın yaradılması nəzərdə tutulub, amma xüsusi zonanın xəritəsi yoxdur. Aydın olmayan məsələlər varsa, qalmaqal yaranır və qarşıdurma davam edir. Burada bir çox məsələlər var ki, onlara heç bir aydınlıq gətirilməyib. "Normand dördlüyü" tərəfləri sənədə imza atmağa məcbur edib. Amma bu o demək deyil ki, bundan sonra həmin sənəd icra olunacaq. "Normand dördlüyü"nün əsas məqsədi problemi həll etmək, Ukraynanın ərazi bütövlüyünü təmin etmək yox, atəşkəsi dayandırmaqdır. Ola bilsin ki, onlar buna müəyyən qədər nail olurlar. Amma bu o demək deyil ki, dərhal sülh yaranır və tərəflər bir-birinin əlini sıxacaq. Məncə, sülhə gedən yol çox uzaq və nahamardır.
- Qeyd olunur ki, atəkəsə imza atmaqla Ukrayna silahlanmaq üçün vaxt və imkan əldə etdi. Yəni Qərb fasilə elan etməklə Ukrayna ordusunun formalaşması üçün zaman qazandı. Bu yanaşma nə dərəcədə ağlabatandır?
- Bu məsələdə Avropa ilə ABŞ arasında mövqe fərqliliyi var. Avropa istəyir ki, ABŞ Ukraynaya silah göndərməsin. Fransa, Almaniya başa düşür ki, ABŞ Rusiyadan uzaqdadır və sabah baş verə biləcək xoşagəlməz hadisənin zərbəsi ona dəyməyəcək. Alovun genişlənməsi Avropanın marağına uyğun deyil. Bu üzdən istəyirlər ki, Amerika silah göndərməsin. Əgər atəşkəs sazişi imzalanıbsa, silahın göndərilməsi mənasının itirir. ABŞ silah göndərəcəkdisə, bu atəşkəs nəyə lazım idi. Silahı müharibə gedə-gedə də göndərmək olar.
- Son vaxtlar Qarabağ məsələsi və Ukraynadakı münaqişə arasında paralellər aparılır. Sizcə, bu iki münaqişə arasında hansı oxşar və fərqli cəhətlər var.
- Burada həm oxşarlıq var, həm də böyük dövlətilərin ikili standartları. Kiyevin arxasında Avropa və Amerika dayanıb. Onlar Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir və hər cür dəstək verirlər. Amma Qarabağ məsələsinə gəldikdə istəyirlər ki, biz kompromisə gedək. Bu, açıq-aşkar ayrıseçkilikdir. Təbii ki buna normal baxa bilmərik, Burada bir oxşarlıq da var. Aparıcı dövlətlər eyni münaqşiə ilə bağlı müxtəlif mövqelərdən çıxış etsələr də, ərazi bütövlüyünün təmin olunması üçün heç bir addım atmırlar. Aydın məsələdir ki, burada Qərb-Rusiya qarşıdurması gedir və Ukrayna bu qarşıdurmanın oyunçusuna çevrilib. Burada itirən Ukrayna olub. Böyük dövlət artıq parçalanıb. İnanmıram ki, yaxın gələcəkdə Krım və ya ölkənin Şərq hissəsi Kiyevə tabe olsun. Burada beynəlxalq güclərin oyunu gedir.
- Ukraynada son vaxtlar gürcü siyasətçilərə vəzifə verilməsi nədən qaynaqlanır və bu iki ölkə münasibətlərinə necə təsir göstərəcək?
- Saakaşvili Qərbyönümlü siyasətçidir. Ölkədən qovulub. Kiyevdə də Qərbyönümlü hökumət hakimiyyətə gəlib. Bunlar müəyyən mənada eyni problemlə üzləşən siyasətçilərdir. Amma anlamırlar ki, bu addımlar Kiyev-Tbilisi münasibətlərini zədələyir. Artıq Gürcüstanın Xarici İşlər Nazirliyi nota verib, Ukrayna səfiri nazirliyə çağırılıb. Əgər Ukrayna Gürcüstanla münasibətlərini pisləşdirmək istəmirsə, bu cür addımlardan çəkinməlidir. Gürcüstan da Ukrayna kimi postsovet ölkəsidir və hakimiyyətdəki qüvvələr seçki yolu ilə vəzifəyə gəliblər. Saakaşvilinin prezidentin müşaviri təyin edilməsi o qədər də düşünülmüş addım deyil.
Ruslan