
“ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu günə qədər də davam edir”.
Publika.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib: “Bizi əhatə edən dövlətlərə nəzər salsaq görərik ki, neft və qaz sektorunda onlar bizə rəqibdirlər. Bu baxımdan onların şəxsi maraqları ilə yanaşı, beynəlxalq maraqları da var. Hesab edirəm ki, böyük dövlətlərin dəstəyi və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi olmasaydı, neft müqavilələri imzalana bilməzdi. Çəkilən kəmərlərə nəzər salsaq görərik ki, onların reallaşmasında ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə ABŞ-la strateji əməkdaşlığı var: “Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb”.
S.Novruzov deyib ki, bəzən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu ölkənin adına yazılır: “ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır. ABŞ lobbiçilik fəaliyyətini qanunla tənzimləyən azsaylı ölkələrdəndir. Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, anti-terror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər həllini tapsın”.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var: “Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə gedir Kozlariçdən həftədə bir dəfə müsahibə alıb “Azadlıq” qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları demək deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atır. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz”.