"Onlar dialoqun gedişinə təsir edəcək gücdə deyil"

Sabah Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında növbəti siyasi dialoq keçiriləcək. Dialoqa dəvət alan partiyalardan biri - Müsavat Partiyası artıq görüşdə iştirak etməyəcəyini bəyan edib. Səbəb kimi müzakirə olunacaq məsələlərin öncədən müəyyənləşdirilməməsi göstərilib. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, Müsavat Partiyası sadəcə bəhanə edir: "Müsavat Partiyası ənənəsinə sadiq qalaraq bu görüşdən yayınmaq istəyir. Partiyanın daxilində qarşıdurma pik həddədir, AXCP-ilə problemləri var, sosial bazası zəifləyib. Ona görə də belə addımlar atırlar. Müsavat Partiyası dialoqun gedişinə təsir edəcək gücdə deyil".

- Siz dialoqda hansı məsələnin müzakirəsini vacib sayırsız?
- Dialoqun təşkilatçıları hansı məsələni vacib bilirlərsə, həmin məsələ də müzakirə olunmalıdır.

- Mövzunu qabaqcadan müəyyənləşdirmək mümkündürmü?
- Mən bu prosesdə iştirak etmədiyim üçün heç nə deyə bilmərəm. Biz dəfələrlə bir yerdə olmuşuq, müzakirələr aparmışıq. Milli Məclisdə təmsil olunan partiyalarla YAP arasında dialoqun keçirilməsində heç bir problem yoxdur. Biz dialoqun nə təşəbbüskarıyıq, nə də təşkilatçısı. Yəqin bu üzdən orada yoxuq. Zərurət yaranarsa, biz də dialoqda ola bilərik. Bu mənada bizim heç bir problemimiz yoxdur.

- Dialoqun əhəmiyyətini necə qiymətləndirirsiz?
- Hər halda çəkişmədənsə, dialoq yaxşıdır. Siyasi müzakirələrin olması faydalıdır. Uzun illərdir ki, bəzi müxalifət nümayəndələri deyirdi ki, iqtidar dialoqa hazır deyil və s. İndi Prezident Aparatının şöbə müdiri Əli Həsənovun rəhbərliyi ilə dialoq keçirilir və çox açıq müzakirələr aparılır. Amma dialoq təşəbbüsündə bulunan dialoqa qatılmaqdan imtina edir.

Ayxan