
Əvəz Temirxan: "Lalə Şövkətin səhhəti yaxşıdır"
"Müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacağıq".
Bu sözləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
O, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki bloku ilə bağlı apardığı danışıqlarda iştirak etmədiklərini söyləyib.
Partiya sədrinin fikrincə, ALP-nin seçkilərlə bağlı təklifi daha məqbuldur: "Hesab edirəm ki, ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar diləyirik".
Ə.Temirxan ALP-nin hazırda hansısa bloka qoşulmaq niyyəti olmadığını dilə gətirib: "ALP-nin hər dairə üzrə namizədi var. Amma məsələ burasındadır ki, bütün müxalifət razılaşdırılmış qaydada hər dairədən bir namizəd verməlidir. Əgər hər hansı müxalif partiyanın bir dairədən namizədi varsa, ikincisi olmamalıdır. Ona görə də müxalifət qüvvələri parçalanmasın deyə namizədlərin razılaşdırılmasının müzakirəsinə hazırıq. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun. Yenə də qeyd etmək istəyirəm, hələ ki seçki blokuna qoşulmaq niyyətimiz yoxdur".
"Mərkəzdən acıq edib getməmişik"
Ə.Temirxan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "ALP Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən acıq edib getdi" sözlərinə münasibət bildirib: "Mərkəzdən acıq etmək üçün səbəb yox idi. Sadəcə, toplantı həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı idi, amma gördük ki, müxalifət parçalanır və bu parçalanmada tərəfə çevrilmək istəmədik. Biz mövqe parçalanmasında tərəf ola bilmərik. Bir araya gəlsəydilər, orada olmağımız mümkün idi".
O, ALP lideri Lalə Şövkətin səhhətinin pisləşdiyi barədə deyilənlərə də aydınlıq gətirib: "Lalə xanımın səhhəti yaxşıdır. Hər gün onunla ünsiyyətdəyəm, tərəfdarlarımız heç narahat olmasınlar".
Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi seçki blokunun yaradılması üçün fəaliyyətə başlayıb. Mərkəzdə Müsavat istisna olmaqla digər partiyalar müsbət rəy verib. AXCP daxil olmaqla Milli Şura prosesə qoşulmur. AMİP və ALP seçkilərə təkbaşına getməyin tərəfdarıdır.
Müsavat Partiyasının isə müzakirələrin sonunda seçki blokuna qoşulacağı gözlənilir.
NƏRGİZ