"Ermənistan Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırarsa, özünü birbaşa işğalçı kimi tanıyacaq"

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Amerikanın tanınmış "The New York Times" qəzetinin Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırmasına münasibət bildirib.

Onun fikrincə, "mübahisəli ərazi" ifadəsi Minsk Qrupu həmsədrlərinin də dilindən düşmür: "Məsələ ondadır ki, nə biz Qarabağı mübahisəli sayırıq, nə ermənilər. Biz, aydın məsələdir, Qarabağın özümüzə aid olduğuna və kimsəylə onu mübahisələndirmədiyimizə görə belə sayırıq. Ermənistan da Qarabağı özünə aid edir, amma ermənilər üçün məsələnin burası heç də ən vacib olanı deyil. Ermənistan Qarabağı "mübahisəli ərazi" saymır, çünki, əks təqdirdə, qondarma "Daqlığ Qarabağ Respublikası"nın bütün hekayəsi dağılacaq. Ermənilərin qurduğu hekayəyə görə, "DQ" müstəqil dövlət olmağa layiqdir, onun "xalqı" özdurum haqqından guya istifadə edib və Azərbaycandan ayrılıb, Azərbaycan isə "DQR"ə qarşı guya təcavüz edib. Bu hekayədə Ermənistanın yeri yoxdur. Ermənistan Dağlıq Qarabağı "mübahisəli" adlandırarsa, bir tək faktiki deyil, həm də ritorik (rəsmi) səviyyədə birbaşa tərəfə çevriləcək (hal-hazırda Ermənistanın danışıqlarda "DQR"in maraqlarını ifadə etdiyi hesab olunur, çünki Azərbaycan "DQR"i tərəf kimi tanımır). Başqa sözlə, Ermənistan Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırarsa, "DQR" yox olacaq, Ermənistan isə özünü birbaşa işğalçı kimi tanıyacaq".

Onun sözlərinə görə, bu, paradoksal vəziyyətdir. Münaqişə tərəfləri Dağlıq Qarabağı "mübahisəli ərazi" saymır, münaqişədə vasitəçi olan dövlətlər və dünya mediası isə sayır. Niyə? Çünki özlərinə belə sərf edir. Yaxşı məlumdur ki, istila və anlayışlara kim nəzarət edirsə, sosial üstünlük (hakimiyyət) də onundur. Qədim zamanlardan bəri həmişə belə olub. Minsk qrupunun həmsədrləri, onların rəyini nəzərə alan başqa dövlətlər, eləcə də aparıcı dünya mediası, Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırmaqla, münaqişənin birbaşa tərəflərinə, bütün başqa təsirlərdən əlavə, həm də məna vasitəsilə təsir etməyə çalışır və, beləliklə, onların (münaqişə tərəflərinin) danışıqlarda sərbəstliyini xeyli məhdudlaşdırmış olurlar".

NƏRGİZ