Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə sabah BMT-nin Ankaradakı nümayəndəliyi önündə etiraz aksiyası keçiriləcək. Aksiya Türkiyə vaxtı ilə saat 14:00-da baş tutacaq.

Bu barədə Teleqraf.com-a BDM-in mətbuat xidmətindən məlumat verilib.

Aksiyada Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinə etiraz ediləcək. Keçiriləcək aksiya icazəlidir. Aksiyanın keçirilməsində məqsəd azərbaycanlı girovlardan işgəncələr altında ifadələr alınmasını, əsir və girovlara qarşı qeyri-insani, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq işgəncələrin davam etdirilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Həmçinin aksiyada azərbaycanlı girovların dərhal azad olunması, ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının, Qərbin aparıcı dövlətlərinin ikili standartlardan əl çəkməsi, təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılması və işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı çıxarılmış qətnamələrin icra edilməsi tələb ediləcək.

Səxavət