
"Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib ki, ötən müddət ərzində keçirilən seçkilər bunu sübut edib: “Hardasa texniki dəyişiklər mümkündür, ancaq bütövlükdə dəyişikliyə ehtiyac yoxdur”.
Girov qoymaqla namizədliyin qeydə alınması məsələsinə toxunan vitse-spiker qeyd edib ki, ümumiyyətlə, belə bir dəyişiklik mümkün deyil: “Vaxtilə bu müddəa olmayanda problemlər üzə çıxırdı. Heç bir sosial bazası olmayan namizəd müəyyən məbləğdə pul ödəyib mübarizəyə qoşulurdu. Bəzi hallarda da deputat seçilirdi. Seçildiyi müddətdə də eyni fəaliyyəti davam etdirirdi”.
Seçki komissiyalarının yenidən formalaşdırılması məsələsinə aydınlıq gətirən B.Muradova deyib ki, hazırkı format ictimai-siyasi reallığa uyğundur.
O, həmçinin deyib ki, ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməsi təklifi yeni məsələ deyil: “Bunlar bizi vadar edir ki biz fəal olaq və öz işimizi aparaq. Sarkisyanın "cani" adlandırılmasına gəlincə isə deyim ki, bu, bütün diplomatiyalarda istifadə olunan metoddur və bundan fəal istifadə etmək lazımdır. Əminəm ki, gün gələcək ki, bir gün mütləq Sarkisyan kimilər ədalət məhkəməsi qarşısında cavab verəcək və öz cəzalarını alacaqlar. Biz həmçinin, sülh limitimizi qorumalıyıq və mövqeyimizi ATƏT PA-nın qış sessiyasında onlara çatdırmalıyıq”.
Nemət