Zahid Oruc: "Qarabağ cəbhəsindəki vəziyyət Sərkisyanın hakimiyyətdən getməsilə nəticələnəcək"

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsində baş verən dramatik hadisələrdən sonra Azərbaycanla bağlı hədyan bəyanatlar verməyə başlayıb. Buna səbəb artıq rəsmi İrəvanın siyasi mühitə nəzarət etmə imkanlarının da zəifləməsidir. Belə ki, ötən ilin axırlarında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər zamanı təmas xəttində yerləşən ordumuzun əsgərlərinə edilən helikopter hücumu cavabsız qalmadı və düşmənin iki helikopterindən biri vuruldu. Ardınca isə Ermənistanın diversiya qrupları ard-arda xeyli sayda hücumlar təşkil etsələr də, Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını aldı və ermənilər itki verərək geri çəkilməyə məcbur edildi.

Eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı kimi təbliğ edilən 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir ailəni ucdantutma qıraraq erməni cəmiyyətində "xilaskar rus əsgəri" obrazını ciddi şəkildə sarsıtması nəticə etibarilə rəsmi İrəvana qarşı yerli əhalinin etrazları ilə müşayiət olundu.

Ohanyan etiraf etdi

Dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib: "Bununla əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar da olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb".

Lavrov təhqir edildi

Azərbaycanlı girov Dilqəm Əsgərovun məsələsi ilə bağlı danışan Ohanyan bu dəfə Rusiya xarici işlər naziri Sergey Lavrov barədə təhqiramiz ifadə işlədib.

Xatırladaq ki, Lavrov ötən ilin sonunda keçirdiyi mətbuat konfransında Rusiya vətəndaşı olan Dilqəm barədə "O, Ermənistan tərəfindən tutulub və buna görə bu məsələni Ermənistanla müzakirə edəcəyik" deyib. Ohanyan isə açıqlamasında "Lavrov bunu qoy Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə etsin" deyərək, Rusiya diplomatını təhqir edib və dünyanın ikinci supergücünün ikinci adamını tanınmamış, oyuncaq işğal rejiminin səviyyəsinə endirib. Diplomatik dildə bu, böyük təhqirdir.

Əlbəttə ki, belə bir vəziyyətdə ölkədəki etirazları aradan qaldırmaq üçün Ermənistanın siyasi rəhbərliyi Azərbaycanla mövcud olan təmas xəttində gərginliyin artırılması üçün təxribatlara əl atıb. Həmçinin göründüyü kimi, bu ölkənin başçısı Serj Sərkisyan və onun komandası artıq başını itirib və sərsəm bəyanatlarını davam etdirirlər.

"Lobbi institutları əvvəlki kimi maliyyə və siyasi yardımları etmir"

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, 2014-cü ilin sonunda bu təxribatların anonsu verilmişdi. Onun sözlərinə görə, erməni tərəfi bildirmişdi ki, ötən il onlar üçün mürəkkəb keçib, itkiləri olub: "Bu cəhətdən Azərbaycana qarşı revanş tədbirləri həyata keçirilməli idi. Bu, əlbəttə ki, erməni məntiqidir. Amma bunlar bilirdilər ki, lokal toqquşmalar, gündəlik intensiv atışmalar onları var-yoxdan çıxarır. Hər atılan güllənin yeri dolmalıdır. Ona görə də diversiya qruplarını işə salıblar. Bundan əlavə Gədəbəy cəbhəsində zərbə vurmaqla, diqqəti Qarabağdan yayındırmaq, qüvvələrimizi parçalamaq üçün manevrlərini davam etdirirlər. Həm də cəmiyyətdə daha geniş miqyaslı müharibə ab-havasını gücləndirməyə dair addımlar atırlar. Ona görə də hesab edirəm ki, son gərginliyin başlıca səbəbi Sərkisyanın qərarıdır və bu təxribatlar prezident adminstrasiyasında hazırlanır.

Ermənistan hakimiyyəti yaxşı hesablayır ki, onların dayaqları ötən illər ərzində sarsılıb. Lobbi institutları əvvəlki kimi maliyyə və siyasi yardımları etmir. Sərkisyan çox zəif, diletant, başıpozuq, minimum geopolitik və beynəlxalq siyasəti dərk etməyən bir adamdır. Əlbəttə ki, bu, xalqı hiddətləndirir".

"Erməni siyasi hərbi rəhbərliyi Rusiyanı şantaj edir"

Z.Oruc deyib ki, Gümrüdəki son hadisələr də daxil olmaqla, Sərkisyan rejimi əleyhinə xalq təşkilatlanır, daha böyük nifrət və qəzəblə addımlar atır: "Polis orqanları əvvəlki kimi qoruyucu zireh olaraq hakimiyyəti qoruyub saxlaya bilmir. Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Əgər Avetisyan ailəsinin 7 üzvünün qətli ilə bağlı öz xalqına və ya onun yaxın qohumlarına başsağlığını bir həftə də gözlədikdən sonra verən adam varsa və onun adı Sərkisyandırsa, indi görün nə vəziyyətdir. Ona görə də yeganə yol Qarabağ cəbhəsində təxribatlara qalır. Həmçinin burada başqa bir niyyət də var. Erməni siyasi hərbi rəhbərliyi Rusiyanı şantaj edir. Onlar istəyirlər ki, son dövrlər azalmış yardımları təzədən qazansınlar. İndi əvvəlki kimi tank, top, digər hərbi sursat yardımları edilmir. Əvəzində Azərbaycan Rusiya ilə daha yaxşı münasibətlərə getməkdədir və bu da Ermənistanın əleyhinə işləyir. Üstəlik Avrasiya İttifaqından da hər hansı fayda götürülməyib. Əksinə, bu ölkənin politoloji fikir sahibləri bildirir ki, təhlükəsizlik cəhətdən daha çox zərbə almışıq, Qərblə münasibətlərimiz pisləşib. Belə olan halda yeganə yol bu cür lokal toqquşmalar, Azərbaycana qarşı xəyanət zərbələri qalır. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumat hər birimizə bəllidir ki, itkilərin nisbəti ermənilərdə 6 dəfə çoxdur. Əhali baxımından da onun yerini doldura bilmirlər. Çünki ölən əsgərin yerinə yenilərini gətirməlidirlər. Övladlarının tabutunu alan erməni anaları hiddətli bir şəkildə Ermənistanda Müdafiə Nazirliyi qarşısında aksiyalar keçirir, mediaya çıxır, təşkilatlanırlar. Ümumən Qarabağ cəbhəsindəki vəziyyət Sərkisyanın iflası və hakimiyyətdən getməsilə nəticələnəcək. Bu, dəqiqdir".

BƏXTİYAR