BAKI, 28 yanvar. TELEQRAF
“Neçə ildir ki, yurduma qovuşmağın həsrəti ilə yaşayırdım. Bu günü bizə yaşadan möhtərəm Prezidentimizə Allah can sağlığı versin. Dəmir yumruq heç zaman əyilməsin”.
Teleqraf xəbər verir ki, bunu Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Soniya Süleymanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kəndi tərk edəndə 38 yaşı olub və orada tibb bacısı kimi çalışıb. O, iki oğlunun 44 günlük Vətən müharibəsində iştirak etdiyini də vurğulayıb və şəhidlərimizin xatirəsini ehtiramla yad edib:
“Oğlumun biri həkim, biri isə zabitdir. İgid və qəhrəman övladlarımızın sayəsində torpaqlarımız işğaldan azad olundu. Şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı salamat olsun”, - o əlavə edib.
Qeyd edək ki, bu gün Horovlu kəndinə 77 nəfərdən ibarət 20 ailə yola salınıb.