BAKI, 28 yanvar. TELEQRAF

Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Almaz Alkərəmova doğma torpağa dönüşünü böyük sevinc hissi ilə qarşıladığını bildirib.

Teleqraf xəbər verir ki, o jurnalistlərə açıqlamasında qeyd edib ki, yurdunu tərk edəndə 25 yaşı olub.

“Bu gün çox sevinirəm, xoşbəxtəm. İstəyim budur ki, kəndimizdə həmişəlik yaşayım. Həyət-bacamda təsərrüfatla məşğul olub, ömrümün qalan hissəsini Horovluda keçirmək istəyirəm.

Cənab Prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Qazilərimizə də can sağlığı arzu edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Horovlu kəndinə sakinlərin mərhələli şəkildə qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir. Bu gün kəndə 77 nəfərdən ibarət 20 ailə yola salınıb.