AĞDAM, 15 noyabr. TELEQRAF

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 49 ailə olmaqla 216 nəfər Xıdırlı köndinə çatıb onlara mənzillərin açarları təqdim edilib. Bu köç də nəzərə alınmaqla məskunlaşan ailələrin sayı 526 olmaqla 2070 nəfərə çatıb.

Xıdırlı kəndinə köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda, yataqxanalarda məskunlaşan ailələr olub.

Kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim edilib.

***

ZƏNGİLAN, 15 noyabr. TELEQRAF

13:24

Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan köç karvanı çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında Məmmədbəyli kəndinə yola salınan 30 ailə olmaqla 143 nəfər mənzil başına çatıb onlara evlərin açarları təqdim edilib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Zəngilan rayonu Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Kəndə qayıdan ailələr bu günə kimi respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Raul Muradlı

***

BAKI, 15 noyabr. TELEQRAF

06:45

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu çərçivədə Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində– əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 143 nəfərdən ibarət 30 ailə, Ağdam rayonunun Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailə yola salınıb.