BAKI, 21 noyabr. TELEQRAF

İngiltərənin “Tottenhem” klubu braziliyalı futbolçusu Rişarlisonla yollarını ayırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

29 yaşlı hücumçu yay transfer pəncərəsində London təmsilçisi ilə müqaviləsini yeniləməkdən imtina edib. Onun sözləşməsi 2027-ci ilin iyununda başa çatacağı üçün klub futbolçunu satmağa çalışsa da, tərəflər razılığa gələ bilməyiblər. Nəticədə braziliyalı oyunçu komandada qalıb.

Hazırda klub tərəfindən əsas komandadan kənarlaşdırılan Rişarlisonun qış transfer pəncərəsində göndərilməsi nəzərdə tutulur. Lakin “Tottenhem” birbaşa rəqiblərini gücləndirmək istəmir. Mənbənin məlumatına görə, London təmsilçisi futbolçunun İngiltərə Premyer Liqasından kənar kluba keçməsinə üstünlük verir.

Rişarlisonla “Everton” və “Kristal Pelas” klubları maraqlansa da, “Tottenhem” eyni liqada mübarizə aparan komandaların braziliyalını transfer etməsinə icazə vermək niyyətində deyil.

Bu səbəbdən 29 yaşlı hücumçunun mümkün istiqamətləri arasında Braziliyaya qayıdış və Türkiyə klublarından birinə keçidi gözlənilir.