BAKI, 18 oktyabr. TELEQRAF

“Oyunun ümumi gedişatına nəzər salsaq, çox asanlıqla buraxdığımız üç qol var. Məhz buna görə qazandığımız bir xala sevinməliyik. Bununla yanaşı, düşünürəm ki, çempionatda ən yaxşı oyunlarımızdan birini keçirdik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bense Varkonyi Misli Premyer Liqasının VIII turunda “Neftçi” ilə keçirilən matçdan (3:3) sonra jurnalistlərə açıqlamasında deyib.

Müdafiədə buraxılan səhvlərə toxunan oyunçu komandanın bu çatışmazlıqları tezliklə aradan qaldırmalı olduğunu bildirib:

“Son dəqiqələrdə hər şeyin pis getdiyini düşünmürəm. Çünki əzmkar mübarizə apararaq qol vurduq və hesabı bərabərləşdirdik. Bu, bizim üçün yaxşı, rəqib üçün isə mənfi nəticə oldu. Onlarda nə baş verdiyini dəqiq deyə bilmərəm”.

Varkonyi növbəti turda qarşılaşacaqları “Sabah”la oyun barədə də fikirlərini bölüşüb. O, rəqibin çempionluq uğrunda mübarizə apardığını və iki cəbhədə çıxış etdiyini xatırladıb:

“Səfərdə oynayacağıq və əsas məqsədimiz qələbə qazanmaqdır. Bir daha qeyd edirəm, 'Neftçi' ilə oyunda hesabı son dəqiqələrdə bərabərləşdirdiyimiz üçün bir xala sevinə bilərik. Lakin belə asan qollar buraxmamaq üçün nöqsanlarımız üzərində ciddi işləməliyik. Ümumilikdə isə xarakter nümayiş etdirdiyimiz üçün bu nəticədən razı qala bilərik”.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb.