BAKI, 18 oktyabr. TELEQRAF
Rusiyanın Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində gecə saatlarında baş verən pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft terminalında və digər infrastruktur obyektlərində yanğınlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərin PUA hücumuna məruz qaldığını təsdiqləyib. Məlumata görə, yanğın Peterburq Neft Terminalının ərazisində və şəhərin dörd rayonundakı digər infrastruktur obyektlərində baş verib.
Analitik mənbələrin verdiyi məlumata əsasən, hücum nəticəsində Sankt-Peterburqun en böyük yanacaq terminalı, həmçinin Krasnoqvardeyski rayonunda yerləşən "Strumki" neft bazası alovlanıb. Eyni zamanda "Ozon" şirkətinə məxsus anbar da dron hücumundan sonra yanğına məruz qalıb.
Həmçinin Leninqrad vilayətinin Novosergiyevka kəndində "VKontakte" (VK) şirkətinin məlumat mərkəzi (data-mərkəz) və onun yaxınlığındakı yarımstansiya PUA zərbəsinə tuş gəlib. Şirkət xidmətlərin ştat rejimində işlədiyini bildirsə də, sosial şəbəkənin fəaliyyətində kütləvi axsamalar müşahid olunub.
Bundan başqa, dronlardan biri Sankt-Peterburqdakı Neft Terminalından təxminən 4.5 kilometr məsafədə yerləşən asma körpüyə dəyib. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.