BAKI, 18 oktyabr. TELEQRAF
Kanadanın Alberta əyalətində yerləşən Veynrayt hərbi bazasında partlayış və yanğın nəticəsində azı 7 nəfər ölüb, onlarla insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Global News” hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 16:00 radələrində hərbi təlim zamanı baş verib. İlkin məlumata əsasən, təlim zamanı açılan atəş qaz xəttinə və ya qaz quyusuna düşüb və partlayışa səbəb olub.
Partlayışdan sonra başlayan yanğın güclü küləyin təsiri ilə geniş əraziyə yayılıb. Küləyin sürəti saatda 100 kilometrə çatıb. Hadisə yerinə təcili tibbi yardım və hava ambulansı qrupları cəlb olunub.
Kanadanın milli müdafiə naziri Devid Makqinti hadisəni şərh edərkən belə genişmiqyaslı insidentin son dövrlərdə nadir hallarda baş verdiyini bildirib. O, zərərçəkənlərə yardım göstərən xilasedicilərə və digər əməkdaşlara təşəkkür edib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Veynrayt hərbi bazası Edmonton şəhərindən təxminən 200 kilometr cənub-şərqdə yerləşir və Kanada Silahlı Qüvvələrinin əsas təlim mərkəzlərindən biri hesab olunur.