BAKI, 18 oktyabr. TELEQRAF

MLS təmsilçilərindən “İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ çempionatında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, argentinalı futbolçu “Atlanta Yunayted”lə matçda iki qol vuraraq komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub.

Messi ikinci qolu ilə MLS-də 75-ci dəfə fərqlənib. O, bu göstəriciyə cəmi 80 oyunda çataraq liqa tarixində ən sürətli futbolçu olub. Əvvəlki rekord 81 matçda 75 qol vuran Jozef Martinezdə idi. Robbi Kin isə bu nəticəyə 111 oyunda nail olub.

39 yaşlı hücumçu cari mövsümdə də məhsuldarlığı ilə diqqət çəkir. O, ardıcıl iki MLS mövsümündə 25 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə daha əvvəl Jozef Martinez 2018 və 2019-cu illərdə nail olub.

Messi 2026-cı il MLS mövsümünün bombardirləri siyahısına da başçılıq edir. Onun hesabında 25 qol var. “Dallas”ın hücumçusu Petar Musa isə 20 qolla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Messi ötən mövsüm MLS-in müntəzəm çempionatında 29 qol vurub.