BAKI, 18 oktyabr. TELEQRAF
Böyük Britaniyada fələstinli tərəfdar fəallar İsraillə əməkdaşlıq edən müdafiə sənayesi şirkətlərinin əməkdaşlarına məxsus əmlaka hücumlar təşkil ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son həftələr ərzində “The List” (“Siyahı”) adlı hərəkatın üzvləri olduğu bildirilən şəxslər bir neçə gecə hücumu həyata keçiriblər.
Hücumlar zamanı müdafiə şirkətlərinin əməkdaşlarına məxsus avtomobillərə və yaşayış evlərinin fasadlarına boya püskürdülüb, bəzi yerlərdə ittihamedici şüarlar yazılıb.
Belə hadisələr Hempşir qraflığının Flit şəhərində, həmçinin Edinburq yaxınlığındakı Danfermlin və Saut-Kuinsferri yaşayış məntəqələrində qeydə alınıb.
Məlumata əsasən, hücumlardan birində İsrailin “Elbit” müdafiə şirkətinə avadanlıq tədarük etdiyi iddia olunan “Ultra Intelligence & Communications” şirkətinin rəhbər əməkdaşlarından birinin avtomobilinin təkərləri kəsilib.
Digər hadisədə isə “Leonardo UK” şirkətinin aparıcı mühəndislərindən birinin yaşadığı evin yaxınlığındakı avtomobillərin üzərinə qırmızı boya tökülüb. Şirkət İsrail Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-35 qırıcıları üçün lazer hədəfləmə sistemləri istehsal edir.
“The List” hərəkatı öz saytında müdafiə şirkətlərinin əməkdaşlarını hədələyən bəyanat yayıb. Bəyanatda həmin şəxslər Qəzzadakı hadisələrə görə məsuliyyət daşımaqda ittiham olunur və işlərini tərk etməyə çağırılırlar.
Hadisələrlə bağlı antiterror araşdırması aparılır.
Britaniya polisi hücumları Skotland-Yardın antiterror bölməsinin dəstəyi ilə araşdırır.
Hüquq-mühafizə orqanları “The List” hərəkatının 2025-ci ilin iyulunda Böyük Britaniyada qadağan edilmiş təşkilatlar siyahısına daxil edilən “Palestine Action” ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
Xatırladaq ki, “Palestine Action” fəalları 2025-ci ilin iyununda Briz-Norton hərbi hava bazasına daxil olaraq Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yanacaqdoldurma təyyarəsini zədələmişdilər.
Hərəkatın üzvləri 2024-cü ilin avqustunda Bristoldakı “Elbit” zavoduna da hücum etmişdilər. Həmin hadisə zamanı polis əməkdaşına ağır xəsarət yetirən fəallardan biri 8 il 8 ay, digər üç təqsirləndirilən şəxs isə təxminən 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.