BAKI, 15 avqust. TELEQRAF

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallonun FIFA prezidenti Canni İnfantinonu gizli şəkildə dəstəklədiyi və UEFA-nın FIFA turnirlərini boykot etmək mövqeyinə qoşulmaq niyyətində olmadığı iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə fransalı jurnalist Romen Molina “YouTube” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Diallonun mövqeyi sentyabrda Polşada keçiriləcək 20 yaşadək qadın futbolçular arasında dünya çempionatı ilə bağlıdır. FFF rəhbəri UEFA-nın FIFA bayrağı altında keçirilən yarışları boykot etmək mövqeyinə baxmayaraq, Fransa millisinin turnirdə iştirak etməsini istəyir.

Molina, həmçinin Fransa Prezidenti Emmanuel Makronun məsələyə müdaxilə etdiyini iddia edib. Bildirilir ki, Makron FIFA daxilində parçalanmanın qarşısını almaq və birliyi qorumaq məqsədilə futbol konfederasiyalarının rəhbərləri ilə telefon danışıqları aparıb. O, Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe ilə də müzakirələr keçirib. CAF avqustun 6-da İnfantinoya dəstəyini açıqlayıb.

Qeyd edək ki, FIFA rəhbəri əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif etmişdi. FIFA bu layihənin 4,2 milyard dollar investisiya cəlb edə biləcəyini bildirsə də, təşəbbüs bir sıra futbol qurumlarının sərt etirazına səbəb olub.

UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) İnfantinonun təklifini dəstəkləməyib. UEFA isə FIFA turnirlərini boykot edəcəyini açıqlayıb. İnfantino sonradan layihədən imtina etsə də, UEFA ona etimadın itirildiyini bəyan edib.

“The Telegraph”ın məlumatına görə, İnfantino istefa verməsə, UEFA-da ona etimadsızlıq göstərilməsi planlaşdırılır.