BAKI, 14 avqust. TELEQRAF

“Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıdakı cavab oyununa təyinat alan norveçli hakim Rohit Saqqi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib.

Teleqraf xəbər verir ki, 34 yaşlı FIFA referisi 2025-ci il oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Fransa – Azərbaycan qarşılaşmasında əsas söz sahibi olub.

Parisdəki "Parc des Princes" stadionunda baş tutan görüşdə yığmamız 3:0 hesabı ilə məğlub olub. Norveçli referi matç ərzində futbolçularımıza 2 sarı vərəqə göstərib.

2018-ci ildən beynəlxalq matçlara təyinat alan skandinaviyalı referi cari mövsümdə (2026/2027) avrokuboklarda 2 qarşılaşmada ədaləti qoruyub. O, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Kayrat" – "Omoniya" (7:5 pen.) və UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Iberia 1999" – "Larn" (2:1 əv.v.) matçlarını idarə edib. Saqqi bu iki oyunda ümumilikdə 12 sarı, 1 ikinci sarıdan qırmızı və 1 birbaşa qırmızı vərəqəyə əl atıb.

Qeyd edək ki, "Qarabağ"la "Tvente" arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.