BAKI, 14 avqust. TELEQRAF

“Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan albaniyalı hakim Cuxin Caya daha əvvəl də Ağdam təmsilçisinin matçını idarə edib.

Teleqraf xəbər verir ki, 36 yaşlı FIFA referisi 2023/2024-cü illər mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Hekken” (İsveç) qarşılaşmasında əsas söz sahibi olub.

Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə “köhlən atlar” 2:1 hesabı ilə qələbə qazanıb. Cuxin Caya həmin matçda qarşılaşmanın 56-cı dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Marko Veşoviçə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.

2018-ci ildən beynəlxalq matçlara təyinat alan albaniyalı referi cari mövsümdə (2026/2027) UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Lex Poznan" (Polşa) – "Orxus" (Danimarka) görüşünü idarə edib. İyulun 29-da baş tutan həmin matçda Caya 6 sarı vərəqə göstərib və 1 penalti təyin edib.

Qeyd edək ki, "Qarabağ"la "Tvente" arasında ilk oyun avqustun 20-də Niderlandda, saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.