BAKI, 13 avqust. TELEQRAF

“Qarabağ” dəfələrlə sübut edib ki, çətin vəziyyətlərdən layiqincə çıxmağı bacarır”.

Bunu Teleqraf-a “Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu, Azərbaycan U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Ağdam klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo” ilə keçirəcəyi görüş barədə danışarkən deyib.

O, qarşılaşmanın çətin keçəcəyini bildirib:

“Oyuna gəldikdə, fikrimcə, çox çətin qarşılaşma olacaq. “Qarabağ”da dəyişikliklər baş verir, bu da oyunlarda özünü göstərir. Amma ümidvaram ki, komandamız öz meydanında qalib gələcək, avrokuboklarda mübarizəsini davam etdirəcək və bizi sevindirəcək”.

Vaqif Cavadov “Qarabağ”ın belə vəziyyətlərdə kifayət qədər təcrübəsi olduğunu vurğulayıb:

“Oyun çətindir, amma “Qarabağ” dəfələrlə sübut edib ki, belə çətin vəziyyətlərdən layiqincə çıxmağı bacarır. Düşünürəm, bu dəfə də elə olacaq. Komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Bakıda saat 20:00-da Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq.