BAKI, 24 iyul. TELEQRAF

“Düşünürəm ki, “Qarabağ”ın hər bir futbolçusu yaxşıdır. Bu oyunda da göstərdilər ki, çox yaxşı komandadırlar. Lakin bizim heyətdə də təhlükəli oyunçular var. Biz bunu Sofiyada göstərməyə çalışacağıq”.

Bunu Teleqraf-a açıqlamasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la heç-heçə edən Bolqarıstanın ÇSKA klubunun futbolçusu Teodor İvanov deyib.

22 yaşlı bolqarıstanlı futbolçu ilk qarşılaşmada komandasının əzmkarlıq nümayiş etdirdiyini bildirib:

“Rəqib çox güclüdür və heyətində yüksək keyfiyyətli futbolçular var. Amma biz də böyük səy göstərdik”.

İvanov “Qarabağ”a qarşı Sofiyadakı cavab matçından gözləntilərini də bölüşüb:

“Düşünürəm ki, növbəti oyunda da xarakterimizi ortaya qoyacağıq. Rəqibi daha yaxından təhlil etməyə, taktikasını, oyun üslubunu və futbolçularını daha yaxşı öyrənməyə çalışacağıq. Onları dayandırmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. “Qarabağ”la ev oyununa qədər yaxşı bərpa olunmağa çalışacağıq. İki gündən sonra Sofiyada daxili çempionat matçımız var. Həmin görüşdən sonra bütün diqqətimizi cavab oyununa yönəldəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.