BAKI, 24 iyul. TELEQRAF

Almaniyalı mütəxəssis Yurgen Klopp ölkə millisinin yeni baş məşqçisi olmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, Klopp artıq Almaniya Futbol Federasiyası ilə müqavilə imzalayıb. Rəsmi açıqlama və təqdimat mərasiminin bu gün keçiriləcəyi gözlənilir.

Romano bildirib ki, 58 yaşlı çalışdırıcı ilə 2030-cu ilin iyul ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yurgen Klopp məşqçilik karyerası ərzində "Maynts", Dortmund "Borussiya"sı və "Liverpul"u çalışdırıb. O, "Liverpul"la İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, FIFA Klublararası Dünya Çempionatının qalibi olub.