“İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik”.
Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna 0:1 hesabı ilə uduzduqları səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis komandasının ikinci hissəyə də fəal başladığını bildirib:
“Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik”.
Rəşad Sadıqov cavab qarşılaşmasında qələbə qazanaraq növbəti mərhələyə yüksəlmək istədiklərini vurğulayıb:
“Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.