BAKI, 23 iyul. TELEQRAF

"Bizim üçün çox vacib oyun idi. Futbolçularım çox güclü idilər. Revanş oyununda da bunu davam etdirəcəyik. Futbolçularımın motivasiyası çox yüksək idi. Çünki ailələri tribunadan izləyirdilər".

Teleqraf xəbər verir ki, bunu ÇSKA-nın (Sofiya) baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirdikləri (0:0) UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

"Həmişə istədiyimiz kimi olmur. Amma qarşımıza məqsəd qoymuşuq ki, cavab matçında qələbə qazanıb növbəti tura keçək. Hər oyuna, hər rəqibə individual yanaşırıq. Bu oyunda bəzi futbolçularımızda problemlər var idi. Bu səbəblə riskə getmirdilər və bərabərliyi qorumağa çalışırlar", - qeyd edib.

Onun sözlərinə görə, "Qarabağ" çox güclü klubdur: "Hər kəs bunu başa düşür.

"Qarabağ" çox güclü oynayırdı. İkinci hissədə onlara daha ehtiyatlı oynamalarını tapşırdım. Əsas məqsəd qol buraxmamaq idi. Bu səbəblə müdafiə futboluna üstünlük verdik. Bura qələbə ümidilə gəlmişdik. Növbəti tur üçün hər şeyi edəcəyik".