BAKI, 23 iyul. TELEQRAF
“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzub.
Oyunda “ağ-qaralar”ın ilk qolunun müəllifi (2-ci dəqiqə), komandanın kapitanı Emin Mahmudov qarşılaşmadan sonra Teleqraf-a müsahibə verib.
- Avrokuboklarda cari mövsüm ilk oyununuzda, həm də doğma meydanda məğlub oldunuz. Bu barədə fikirləriniz necədir?
- Neçənci dəfədir ki, oyuna çox yaxşı başlayırıq, sonra isə boşluqlara yol veririk. Sanki bir az arxayınlaşırıq və oyuna nəzarəti əldən veririk. Azarkeşlər möhtəşəm idi, gəlib bizi dəstəklədilər, biz isə onları məyus etdik. Onlardan üzr istəyirəm. Bu oyunu qazana bilərdik.
- Necə oldu ki, 2:0 hesabı ilə erkən önə keçdiyiniz oyunu 2:4 uduzdunuz? Səbəb nədir?
- Məncə, 2:0-dan sonra həddindən artıq arxayın oynadıq. Elə bildik ki, oyunun taleyi artıq həll olunub. Söz tapmaq çətindir. Amma indi ikinci oyuna fokuslanmalı və bu matçdan düzgün nəticə çıxarmalıyıq. Hələ heç nə bitməyib, qarşıda cavab oyunu var.
- Müdafiədə bu qədər səhvlərin olmasının səbəbi nə idi? Bunu yeni mərkəz müdafiəçilərinin uyğunlaşması ilə əlaqələndirmək olar?
- Onu deyə bilmərəm. Sadəcə, məncə, 2:0-dan sonra həddindən artıq rahatlaşdıq. Elə bildik ki, oyun bu cür də davam edəcək. Bunun nəticəsi belə oldu.
- “Neftçi”də əksər oyunlarda iki qol vurandan sonra üçüncü qolu tapa bilməyəndə komanda ya üstünlüyünü əldən verir, ya da məğlub olur. Sizcə, bu, psixoloji problemdir?
- Belə hallar tez-tez baş verir. 2 qoldan sonra üçüncü, dördüncü qolu vura bilmirik. Problem də bundadır. Həmin hesabdan sonra çox rahatlaşırıq. İnşallah, bunu da aradan qaldıracağıq.
- Cavab görüşündə istədiyiniz nəticəni qazanmaq üçün nəyi dəyişmək lazımdır?
- Nəticə qazanmaq üçün ilk növbədə müdafiədə daha diqqətli olmalı, konsentrasiyanı sona qədər qorumalıyıq. Hücumda da kifayət qədər qol imkanımız oldu. Həmin epizodlardan istifadə edə bilmədik. Belədə, rəqib geridönüş etdi, onları təbrik edirəm. Amma biz ruhdan düşməməliyik. İkinci oyunda mütləq nəticə çıxarmalıyıq. Azarkeşlərimiz qarşısında borcumuz var. Onlar bizə inandılar, biz də bunun qarşılığını meydanda verməliyik.
- Komandada inam var?
- Əlbəttə, inam var. Oyundan sonra azarkeşlər də bizə inandıqlarını dedilər. Biz də inşallah bunu meydanda göstərməliyik.
- Oyun bitdikdən sonra “Forza Neftçi” ilə komandanın qapıçısı Rza Cəfərov arasında mübahisə yarandı. Nə baş vermişdi?
- Belə hallar futbolda olur. Oyun istədiyimiz kimi getmədiyi üçün xoşagəlməz vəziyyət yarandı. Amma məsələni həll etdik, heç bir problem yoxdur.