BAKI, 23 iyul. TELEQRAF
Argentina Futbol Assosiasiyası (AFA) qurumun prezidenti Klaudio Tapia və xəzinədarı Pablo Toviqinonun ABŞ-də dindirilməyə çağırılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə AFA-nın rəsmi açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, Klaudio Tapia və ya Pablo Toviqinonun ABŞ məhkəməsinə ifadə verməyə çağırılması, eləcə də onların mobil telefonları və digər elektron cihazlarının müsadirə edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Assosiasiyanın məlumatına görə, Florida ştatının Cənub Dairəsi üzrə ABŞ Məhkəməsi çağırış vərəqəsini başqa bir şəxsə göndərib. Həmin şəxsdən müxtəlif şəxslərlə, o cümlədən AFA rəhbərliyi ilə bağlı yazışmaları təqdim etməsi tələb oluna bilər.
Bildirilib ki, sözügedən sənəddə nə AFA prezidentinin, nə də xəzinədarın məhkəməyə gəlməsi tələb olunur, onlara hər hansı prosessual öhdəlik qoyulmur və barələrində axtarış və ya əmlakın müsadirəsi barədə qərar yoxdur.
Daha əvvəl Argentinanın TN telekanalı ABŞ Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarının dünya çempionatının finalından sonra Nyu-York hava limanında Klaudio Tapia və Pablo Toviqinonun mobil telefon və kompüterlərini götürdüyünü, həmçinin onların iyulun 30-na ifadə verməyə çağırıldığını iddia etmişdi.
Məlumata görə, araşdırma iş adamı Xavyer Faroninin aldığı elit daşınmaz əmlaklarla bağlı aparılır. ABŞ Ədliyyə Nazirliyi AFA ilə əlaqəli və ABŞ bank sistemi vasitəsilə həyata keçirilən maliyyə əməliyyatlarının çirkli pulların yuyulması və ya maliyyə fırıldağı sxeminin tərkib hissəsi olub-olmadığını araşdırır.