BAKI, 22 iyul. TELEQRAF

“Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman, hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə uduzduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Hansısa komanda ilk 15-20 dəqiqədə tam üstün olursa, iki qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradırdıq ki, hücuma keçib hədəflərinə çatsın. Xüsusilə də dəyişiklik 20-ci dəqiqədə Balayevin çətin qurtarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi, dayandı. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdıq. Fasiləyə 2:1 hesabı ilə üstün yollandıq.

Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qolların hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qolu buraxdıq. Sonra oynadıq, ən azı iki-üç qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovun qol imkanları oldu. Oturub oyunu təhlil edəcəyik, nəticələr çıxarmalıyıq. Futbolçular haqqında danışmaq istəmirəm. Birinci növbədə günah mənimdir. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam”.

Vernidub istefası ilə bağlı sualı da cavablandırıb:

“Siz düşünürsünüz ki, iki oyun uduzandan sonra arxaya dönüb getməliyəm? Mən fərqli düşünürəm. “Neftçi” tarixi klubdur. İdmandır da. Birinci məğlubiyyətdən sonra “istefa verəcəksiniz?” sualının verilməsini görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Qarşıda cavab matçımız var. Qalib də gələ bilərik. Sizə gülməli gələ bilər, amma mümkündür. “Dinamo” özü “SJK”ya uduzmuşdu, sonra qalib gəldi. Birinci oyunda uduzanda onların baş məşqçisinə də demişdilər ki, istefa verirsiniz? Bu sualların verilməsi korrekt deyil. Məşqçiyə işləmək üçün imkan yaratmaq lazımdır”.

Baş məşqçi komandasının ikinci hissədə istədiyi oyunu göstərə bilmədiyini də etiraf edib:

“Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Yuxu alıb, ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır”.