BAKI, 22 iyul. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubunun transfer siyahısında olduğu iddia edilən İngiltərə millisinin və “Mançester Siti”nin futbolçusu Fil Fodenin gələcəyinə aydınlıq gəlib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.
Dörd illik anlaşmaya əsasən, Foden 2030-cu ilin yayına qədər “Mançester Siti”nin formasını geyinməyə davam edəcək.
İngiltərə millisinin üzvü yeni müqavilədən sonra klubun rəsmi saytına açıqlamasında uşaqlıq arzusunun həmişə “Mançester Siti”də oynamaq olduğunu bildirib.
Qeyd edək ki, Foden “Mançester Siti”nin əsas komandasında keçirdiyi karyera ərzində 369 oyunda 110 qol vurub, 68 məhsuldar ötürmə verib. O, klubla birlikdə 20 böyük titul qazanıb. Bunlar 6 Premyer Liqa, 5 Liqa Kuboku, 3 İngiltərə Kuboku, 3 İngiltərə Superkuboku, 1 UEFA Çempionlar Liqası, 1 UEFA Superkuboku və 1 FIFA Klublararası Dünya Çempionatıdır.
Hazırda transfer dəyəri 70 milyon avro olan Fodenin bazar qiyməti 2024-cü ildə 150 milyon avroya qədər yüksəlmişdi.